Geyinə bilmək

22 Nov 2018 / Samir Bayramli

Geyinmək bəlkə də ən azı dünya var olan gündən var. Örtünmək üçün lazım olan ən vacib amildir. O ki qaldı müasir zamana və xüsusən də göz önündə olan insanların geyiminə bu isə həm dünyada, həm də ölkəmizdə çox müzakirə edilən mövzulardandır. Çünki göz önündə olan, tanınan hər kəs mütləq geyiminə xüsusi diqqət etməlidir. Bu yolda istər dünya brendləri, dizaynerlər, stilistlər, istərsə də həmin şəxsin özü öz tərzini yaradır və məhz elə də geyinir.

Hər kəs bir cür düşünür - kimi üçün zövq yaraşanı geyinmək, kimisi üçün mütləq brend geyinmək, kimisi üçün də zövqlü olmaq məhz düzgün seçimlər edərək fərqlənə bilməkdir. Təbii ki, zövqlər və fikirlər müxtəlifdir.

     Amma əgər siz tanınan, bilinən və adətən göz önündə olan birisinizsə, geyinmək həm də sizin işinizin bir hissəsi sayılır. Çox vaxt çətin, yorucu hətta bezdirici olsa belə bunu etməyə məcbursunuz. Çünki sizi tanıyırlar və geyimləriniz diqqət mərkəzindədir. Çox adam dəbli olsa belə təəssüf ki, hər kəs zövqlü deyil. Çünki zövq istedad kimidir, hər adamda olmur. İnsan gərək ilk olaraq öz vucudunu tanısın və nəyin ona yaraşıb yaraşmayacağını  bilsin. Daha sonra seçimlər etsin. Necə deyərlər, rənglər və zövqlər mübahisə edilmir. Amma gerçək də budur ki, dünyada da, ölkəmizdə də məşhurlar arasında öz tərzi və zövqü ilə seçilənlər çoxdur. Bu da onların geyim seçiminin tam dəqiq və düzgün olmasından irəli gəlir. Hər bir halda çalışın hər kəsin yox məhz sizin öz istədiyiniz və sizə uyğun geyimləri seçin. Getdiyiniz yerə, məkana görə düzgün geyinin bu zaman həm rahat, həm də xoşbəxt olacaqsınız. İnsanı geyiminə görə qarşılayarlar, deyirlər. Odur ki, çalışın sizi hər zaman gülər üz və xoş ab-havayla qarşılasınlar.

Hər zaman fərqli, özünəməxsus və özünüz olmanız arzusu və diləyi ilə.

News